IQNA

Gürcüstanda İmam Zaman (ə) məscidi əsaslı bərpa və təmir olunub

11:28 - August 12, 2023
Xəbər sayı: 3494591
MARNEULİ (IQNA) - Marneuli rayon Yuxarı Saral İmam Zaman (ə) adına kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) oxuinfo.com-a istinadla xəbər verir ki, Şərq memarlıq üslubu ilə yeni zahiri görkəm alan bu məscidə günbəz və minarələr əlavə olunub. Məscidin həyətində əlavə olaraq dəstəmazxana, kitabxana, muzey, iclas otağı, mərasim və ehsan salonu da əlavə olaraq inşa edilib.
 
Açılış Mərasimində yerli kənd sakinləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftisi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi, millət vəkili, Marneuli bələdiyyəsinin meri, yerli rəhbərliyin nümayəndələri, Azərbaycan, Türkiyə və İran səfirliyinin əməkdaşları, din və ictimaiyyət xadimləri, mətbuat nümayəndələri iştirak edib.
 
Qurani-Kərimin tilavəti ilə başlayaraq Azan sədası ilə sona çatan mərasimdə məscidin əhəmiyyəti, məscid inşa etmənin fəziləti və ilk olaraq 1998-ci ildə inşa edilən həmin məscidin tarixçəsi və təşəbbüskarı haqqında danışılıb.
 
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Məscidin əhəmiyyəti və funksiyası haqqında məlumat verib. Son illərdə Gürcüstanda yeni inşa olunan məscidlər, aparılan bərpa və təmir işləri, məscidlərin xalça və səsgücləndiricilərlə təmin olunması haqqında ətraflı danışıb.
 
Onu da qeyd edib ki, Gürcüstanda olan məscidlər haqqında 460 səhifəlik iri həcmdə şəkilli kataloq hazırlanıb. Həmin 3 hissədən ibarət albomda 70 tarixi, 303 istifadədə olan məscid və 44 mövsümi ibadət məkanları olmaqla ümumilikdə 417 məscid və ibadət evi yer alıb.
 
Çıxışların sonunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqaları xeyirxah kənd sakini olan iş adamı Hüseynov Rəhim Həsən oğluna təşəkkürnamə plaketi, Quran-Kərim və xatirə olaraq hədiyyələr təqdim edib.
captcha